İlham Namiq Kamal: “Azərbaycanda rol alacağım səviyyədə bir serial yoxdur” - MÜSAHİBƏ

İlham Namiq Kamal: “Azərbaycanda rol alacağım səviyyədə bir serial yoxdur” - MÜSAHİBƏ “Fuad Poladovun xəstələndiyinə inanmıram”
İncəsənət
24 Oktyabr , 2017 10:01
İlham Namiq Kamal: “Azərbaycanda rol alacağım səviyyədə bir serial yoxdur” - MÜSAHİBƏ
Report/ Orkhan Azim

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, aktyor İlham Namiq Kamalın "Report"a müsahibəsi

Arayış: İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxı rayonundandır. 1949-cu il yanvarın 9-da Bakıda doğulub. Paytaxtdakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb. O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevralın 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevralın 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 1989-cu il martın 20-də istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 1993-cü il yanvarın 26-dan Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. 1993-cü il iyunun 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 2013-cü il iyunun 25-də "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü il martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb.

İlham müəllim, hazırda yaradıcılığınızda nə kimi yeniliklər var? 

- Hazırda Musiqili Teatrda rollarım üzərində işləyirəm. Bundan başqa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktyoru" kafedrasının müdiri işləyirəm. Artıq 21 ildir həmin kafedranın müdiriyəm, professoram, tələbələr yetişdirirəm.

- 1993-cü ildə "İlham" Minatür Teatrını yaratmışdınız, bəs nə üçün fəaliyyətini dayandırdınız? 

- "İlham" Minatür Teatrının bağlanmasının səbəbi haqqında danışmaq istəmirəm. Sadəcə, müəyyən dövr idi... 

- Ümumiyyətlə, yetişdirdiyiniz gənc aktyorlardan razısınızmı? Onların istedadını, təhsi səviyyəsini, səhnə mədəniyyətini necə qiymətləndirirsiniz?

- Əlbəttə. Tələbələrim Musiqili Teatrda mənimlə tərəf müqabilidir. Tələbəmin peşəkar səhnədə iştirak etməyi mənim üçün bir fəxrdir. Mənim də üzərimdə bir çox müəllimlərin əziyyəti olub. Bu gün mən də tələbələrimi düzgün istiqamətləndirməyə çalışıram. Aktyorluq çox ağır sənətdir. Buna dözmək hər insanın bacarığı deyil. Buna bizim teatrı da misal çəkə bilərəm. Aktyor saat 11:00-dan 18:00-a kimi məşqlərdə olur və 19:00-da tamaşa oynayır. Ulu öndər bizləri çox gözəl təsvir etmişdi: "Sizlər ziyalısınız, ancaq fəhlə ziyalısınız".

-  Bəs yaşın sənətə təsiri olduğunu düşünürsünüzmü?

- Aktyorun yaşına baxmayaraq plastikası, hərəkətləri formada olmalıdır, həm də zamanın müasir düşünən fərdi olmalıdır. Bu, yaşdan asılı deyil, insan gənc ola bilər, ancaq nimdaşdır. Müasirlik çox çətin məsələdir. İnsan yaşadığı dövrdə maraqlı insan ola bilərsə, onun maraqlı obrazları da olacaq. Aktyor həm müşahidəçilik edir, həm də müşahidə etdiklərini səhnəyə gətirir. Qidalanmaya diqqət etmək, özünü formada saxlamaq lazımdır. Eyni zamanda davranışına da diqqət yetirmək lazımdır. Böyük adı, titulu olan aktyorlar var. Bəs bu gün onlar haradadır? Təbii ki, 30 il bundan əvvəl oynadığı rolları yada salmaq olar, amma bu gün sən nə edirsən? Sən tamaşalarda varsanmı?

- Siz necə zəmanə ilə ayaqlaşa bilirsiniz?

- Bunu tamaşaçıdan soruşmaq lazımdır.

- Bu gün bəzi yaşlı aktyorlar rol azlığından gileylənirlər...

- Gərək sənə həmişə rol vermələri üçün rejissorun etimadını qazanasan. Mən televiziya və teatr tamaşalarında ifa etmədiyim elə bir rejissor olmayıb. Bu həm şansdır, həm də sənə etibardır.

- Seriallara necə, dəvət alırsınızmı?

- Hələlik Azərbaycanda rol alacağım səviyyədə bir serial yoxdur. Əgər bir serialda ki, rəssam, qrim ustası olmaya, kostyumu kimin gətirəcəyi bilinməyə, mən belə seriala niyə çəkilim?! Filmlərdə də yalnız peşəkar kollektiv olsa rol alaram.

- Sizcə problem nədədir?

- Mən bu barədə heç nə deyə bilmərəm. Filmdə çəkilmək üçün razılığa da gəlmək lazımdır. Biz əvvəl bir filmə çəkiləndə onun puluna "Jiquli" ala bilirdik. Ona görə razılıq maddi cəhətdən də olmalıdır.

- Tamaşalara tamaşaçı marağı necədir? Tamaşaçı sayı sizi qane edirmi?

- Onu mən deyə bilmərəm, inzibatçılar bilər. Mən həmişə tamaşaçı görürəm.

- Bir müddət əvvəl xalq artisti Ramiz Novruz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında danışarkən orada rolunu ifa edə bilməyən aktyorların dərs dediyini, tələbələri ruhdan saldıqlarını demişdi.

- Hər deyilən sözün gərək məntiqi tərəfi olsun. Teatrlarımızın 99 faiz işçisi bu ali təhsil müəssisəsinin məzunlarıdır.

- Sizcə universitetin nə kimi çatışmayan cəhətləri var?

- Təhsil sistemi elədir ki, əgər özülü möhkəmdirsə, onda peşəkar olacaq. Bir-iki nəfərin sözü ilə böyük tabloya qiymət vermək olmaz. Gərək hər bir insan danışanda məsuliyyətini hiss eləsin.

- Teatrımızın səviyyəsini dünya teatrları səviyyəsində neçə bal ilə qiymətləndirərdiniz?

- Elə bal kimi (Gülür).

P. S. Müsahibimiz söhbət zamanı xalq artisti Fuad Poladovun xəstələndiyinə inanmadığını bildirdi: "Mən həmişə onu sağlam insan kimi tanımışam, ona görə də çox təəccüb edirəm. Zəng etmişəm, ancaq telefonlara cavab vermir".

P. P. S. İlham Namiq Kamalla görüş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində nəzərdə tutulsa da, rektor köməkçisinin "jurnalistlərin içəri buraxılmaması" ilə bağlı göstərişinə görə məkanı dəyişməli olduq. Qapıda duran nəzarətçilər dedilər ki, bir neçə gün əvvəl gələn jurnalistlər də ali təhsil müəssisəsinə buraxılmayıb. Məsələni aydınlaşdırmaq üçün xalq artistinin özü ilə telefonda danışdığımız zaman o, məkanı dəyişməyimizi məsləhət gördü: "Gedək müsahibəni başqa yerdə götürün..."

Son xəbərlər

Orphus sistemi